DİM-in əməkdaşları Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Tbilisiyə səfər ediblər
14–20 iyun 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin əməkdaşları Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində tarix, coğrafiya, kimya, fizika, riyaziyyat və digər fənlər üzrə imtahan materiallarının ekspertizasında iştirak ediblər.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında Azərbaycan və gürcü dilləri üzrə qiymətləndirmə alətlərinin hazırlanması istiqamətində əməkdaşlıq artıq beşinci ildir ki, Anlaşma Memorandumu çərçivəsində uğurla davam etdirilir.
Mövcud əməkdaşlıq çərçivəsində Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin əməkdaşları da DİM-in gürcü dili fənni üzrə test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi istiqamətində öz töhfələrini veriblər.
Səfər çərçivəsində tərəflər qiymətləndirmə sahəsində təcrübə mübadiləsi aparmış, gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Səfərin sonunda DİM-in əməkdaşları Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyəsini Tamara Memanishviliyə təqdim ediblər.
