Dövlət İmtahan Mərkəzi

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının Danışıq bloku üzrə imtahanı davam edir

17 İyun 2022 23:15

Məlum olduğu kimi, xarici dil üzrə Danışıq bloku imtahanı iyunun 16-dan etibarən keçirilir və iyunun 19-dək  davam etdirilməsi nəzərdə tutulub. İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib vərəqədə göstərilən yer (DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binası, 8 Noyabr metrostansiyasının yanı) və saatda imtahan verirlər. Namizəd və iddiaçılar “İmtahana buraxılış vərəqəsində” göstərilən vaxtda qeyd olunan ünvanda olmalıdırlar.

Məlumat üçün qeyd edək ki, iyunun 16-da keçirilən imtahanda iştirak etməli olan 645 nəfərdən 41 nəfər, iyunun 17-də isə 639 nəfərdən 36 nəfər imtahana gəlməyib.

Dövlət İmtahan Mərkəzi müxtəlif səbəblərdən 16-17 iyun tarixlərində Danışıq bloku imtahanına gəlməyən şəxslər üçün imtahan vermək imkanı təklif edir. İmtahanda iştirak etmək istəyənlər 19 iyun saat 15:30-dan 16:30-dək DİM-in 8 Noyabr metrostansiyasının yanında, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasına yaxınlaşa bilərlər.

Xatırladaq ki, Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmur.