Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzin əməkdaşları üçün təlim keçirilib

22 May 2026 17:01

Dövlət İmtahan Mərkəzi ilə Rachel Frost LTD arasında imzalanmış 28 aprel 2026-cı il tarixli 062/SB/26 nömrəli müqaviləyə əsasən, 18–22 may 2026-cı il tarixlərində Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin əməkdaşları üçün təlim proqramı təşkil olunmuşdur.

Təlim British Psychological Society (BPS) tərəfindən akkreditə olunmuş psixometrik proqram çərçivəsində keçirilmişdir. Proqram aşağıdakı istiqamətləri əhatə etmişdir:
• Köməkçi test mütəxəssisi (Assistant Test User);
• Peşəkar qabiliyyət testləri üzrə mütəxəssis (Test User Occupational Ability);
• Peşəkar şəxsiyyət testləri üzrə mütəxəssis (Test User Occupational Personality).

Təlim müddətində iştirakçılar müasir psixometrik yanaşmalar, testlərin tətbiqi prinsipləri, nəticələrin interpretasiyası və beynəlxalq standartlara uyğun qiymətləndirmə metodları barədə nəzəri və praktiki biliklər əldə etmişlər. Proqram çərçivəsində iştirakçılar müxtəlif praktiki tapşırıqlar icra etmiş, real nümunələr üzərində işləyərək test alətlərinin istifadəsi və qiymətləndirmə prosesinin idarə olunması üzrə bacarıqlarını inkişaf etdirmişlər.

Bununla yanaşı, təlim iştirakçıları beynəlxalq təcrübədə istifadə olunan psixometrik alətlərin tətbiqi, etibarlılıq və obyektivlik prinsipləri ilə tanış olmuşlar. Təlim interaktiv müzakirələr, qrup işləri və nəzarət altında keçirilən məşğələlər əsasında təşkil edilmişdir.

İştirakçılar tədris materialları ilə təmin olunmuş, proqramın yekununda isə British Psychological Society (BPS) qeydiyyat prosesi ilə bağlı müvafiq istiqamətləndirmə almışlar. Təlimin əsas məqsədi Dövlət İmtahan Mərkəzində psixometrik qiymətləndirmə sahəsində beynəlxalq standartlara uyğun peşəkar potensialın gücləndirilməsi və müasir qiymətləndirmə yanaşmalarının tətbiqinə dəstək göstərilməsi olmuşdur.