Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində keçirilmiş hazırlıq kursları barədə məlumat

24 İyun 2026 14:43

13 aprel - 24 iyun 2026-cı il tarixində DİM-də Azərbaycan dili, rus dili, ingilis dili və informatika fənləri üzrə keçirilmiş hazırlıq kurslarının iki mərhələsi başa çatıb.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş 148 nəfər ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. Bunlardan 112 nəfər Bakı şəhəri, 36 nəfəri isə bölgələrdən (Naxçıvan, Gəncə, Şəki, Şirvan, Şəmkir, Göyçay, Bərdə, Lənkəran, Xaçmaz) olub.

Bakı şəhəri üzrə qeydiyyatdan keçənlər əyani, bölgələrdən olanlar isə onlayn formada hazırlıq kurslarında iştirak ediblər.  

Birinci mərhələdə (nəzəri hissə) iştirakçılara müvafiq fənn kurikulumlarının mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları, ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilən qapalı və açıq (cavabı kodlaşdırılan və yazı ilə ifadə olunan) tipli tapşırıqların hazırlanması, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları haqqında təqdimatlar edilib.

İkinci mərhələdə (praktiki hissə) iştirakçılar əldə etdikləri nəzəri biliklər əsasında ev tapşırıqları yerinə yetiriblər. İştirakçılar tərəfindən hazırlanmış tapşırıqların hər biri müvafiq fənn kurikulumunun təlim nəticələri və alt standartların tələbləri baxımından tipinə, relevantlıq kateqoriyalarına və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Bu mərhələdə məqsəd iştirakçıların həm müəllif, həm də ekspert kimi formalaşmasıdır.

Kurs iştirakçıları 1 iyul 2026-cı il tarixində kalibrləmə mərhələsindən (üçüncü mərhələ) keçərək kursu yekunlaşdıracaqlar. Kalibrləmə cavabı yazı ilə ifadə edilən tapşırıqların xüsusi proqram təminatı ilə kompüter vasitəsilə yoxlanılması prosesidir.

Bakı şəhərindən olan iştirakçılar kalibrləmə prosesindən Dövlət İmtahan Mərkəzinin S.S.Axundov küç., 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda, bölgələrdən olanlar isə yaşadıqları əraziyə yaxın olan DİM-in regional bölmələrində (Naxçıvan, Gəncə, Şəki, Şirvan, Şəmkir, Göyçay, Bərdə, Lənkəran, Xaçmaz) keçəcəklər. Sonda müdavimlər müvafiq fənn üzrə yoxlama imtahanı verəcəklər. Kalibrləmə və imtahan prosesindən keçmiş müdavimlərə sertifikat təqdim ediləcək. Onların şəxsi məlumatları “Elektron baza”ya daxil ediləcək və DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

Hazırda Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında Azərbaycan dili, rus dili, ingilis dili və informatika fənləri üzrə növbəti hazırlıq kurslarına qeydiyyat davam edir.