Dövlət İmtahan Mərkəzi

İnzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək

18 İyul 2025 10:32

Dövlət İmtahan Mərkəzi tərəfindən 20 iyul 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid  BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahana qeydiyyat 2025-ci il iyunun 24-dən iyulun 10-dək aparılıb və bu müddət ərzində 1627 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 106 nəzarətçi və 9 buraxılış rejimi əməkdaşı ayrılıb.