Memarlıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin (həmçinin subbakalavrların) nəzərinə!
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanında iştirak etməsi üçün ərizə qəbulu 17 – 22 iyul tarixlərində aparılıb və bu müddət ərzində 390 nəfər qeydiyyatdan keçib.
Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı 28 – 31 iyul tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçiriləcək.
İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.
Xatırladaq ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2025-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.
